Məqalələr

Məqalələr

Anadolu Universiteti “Azərbaycan Proqramları” 

Distant Təhsilin Tarixi

Son zamanlar Azərbaycan təhsil məkanında təhsilin yeni formasının – distant təhsilin tətbiqi imkanının mətbuatın gündəmindən düşməyən mövzulardan birinə çevrilməsinə yəqin ki, hər biriniz diqqət yetirmisiniz. Lakin universitetə qəbula hazırlaşan abituriyentdən tutmuş ali təhsil müəssisəsində çalışan hər kəsi bir sual düşündürür – distant təhsil nədir və təhsilin bu forması Azərbaycan təhsil məkanına necə tətbiq olunacaq? Bu suala cavab tapmamışdan öncə hər birimizin dünya tarixində distant təhsilin yeri və inkişaf tarixi haqqında məlumatlı olmasında fayda var. Distant təhsillə bağlı İnternet üzərindən apardığımız araşdırmalar 3 istiqaməti əhatə edib: Dünya təhsil məkanında distant təhsil; Azərbaycanda distant təhsilin yaranması və inkişaf tarixi və Naxçıvan Muxtar Respublikasında distant təhsilin tətbiqi imkanları.

Dünya tarixində distant təhsil

  Distant təhsil kommunikasiyanın xüsusi bir növü olub iki subyekti birləşdirir- tələbə və onu dəstəkləyən təhsil müəssisəsini. Distant təhsil tarixən iki istiqamətdə həyata keçirilib – məsafədən idarə olunmaqla birtərəfli və ikitərəfli. Birtərəfli təhsil öyrənənə təhsil verən tərəfindən məsafəli şəkildə mövzu ilə bağlı materialların çatdırılması yolu ilə həyata keçirilib. İkitərəfli distant təhsil öyrədən və öyrənənin məsafəli şəkildə qarşılıqlı fikir mübadiləsi ilə həyata keçirilən təhsil forması kimi qəbul edilib.

Distant təhsilin araşdırıcıları bu təhsil formasının ilkin rüşeymlərini pedaqogika elminin atası sayılan Yan Amos Komenskinin 1633-1638-ci illərdə qələmə aldığı “Böyük didaktika” əsərindəki fikirlərində olduğunu qəbul edirlər. Bu əsərdə təhsil verənlə təhsilalan arasındakı qarşılıqlı mübadilə geniş şərh olunsa da distant təhsil konsepsiyasının 1728-ci ildən formalaşdığını qəbul edənlər də az deyil.  Demək olar ki, həmin tarixdən bu günədək distant təhsil konsepsiyası olduğu kimi qalsa da, dəyişən yalnız kommunikasiya kanalları olub. Təxminən 300 il əvvəl cənab Kaleb Filipsin distant təhsilin ilk təşkilatçısı kimi “Boston” qəzetində şəhərətrafı bölgələrdən tələbələrin sürətli yazı və mühasibatlıq kursuna dəvət elanı verməsi maraq doğurur. Onun tətbiq etdiyi metod vasitəsilə tələbələrin məşğələ mövzuları həftədə bir dəfə poçtla yaşadıqları ünvana göndərilirdi. Distant təhsilin ilk mərhələsində poçt xidmətindən istifadə olunması onun təkamülü tarixində əvəzsiz rol oynamışdır.

Tezliklə bu üsulu öz fəaliyyətində tətbiq edən, Birləşmiş Krallıqda yaşayıb fəaliyyət göstərən cənab İsaak Pitman 1840-1890-cı illərdə arzu edənlərə sürətli yazı metodikası dərslərini poçt xidmətindən istifadə yolu ilə təmənnasız göndərir və belə hesab edirdi ki, cəmiyyətin inkişafı onun bütün təbəqələrinin dini və siyasi görüşlərindən, cəmiyyətdə tutduğu mövqedən asılı olmayaraq ali təhsilə sərbəst çıxışındadır.

XIX əsrin 70-ci illərində Amerikada da distant təhsilin ilk rüşeymləri görünməyə başlayıb. Belə ki, Anna Eliot Tiknor 1873-cü ildə qadınların poçt xidməti yolu ilə təhsil almaları üçün mexanizm hazırlayır və onu “Tiknor Cəmiyyəti” adlandırır. 1874-cü ildə bu üsul İllinoys ştatında fəaliyyət göstərən universitet tərəfindən tələbələrə təklif edilir.

1892-ci ildə Amerikada “Poçt xidməti vasitəsi ilə təhsil”in atası hesab edilən Vilyam Reyni Harper Çikaqo Universitetində ilk dəfə olaraq distant təhsil mərkəzi açır. 1906-cı ildə bu təcrübəni Amerikanın Viskonsin Universiteti (University of Wisconsin) də tətbiq edir.

Bəs nə üçün bütün insanlara açıq olan distant təhsil hamı üçün təhsil vermək imkanı əldə edə bilmirdi? Bu suala XIX əsrin 90 -cı illərində ICS (International Correspondence Schools) kompaniyası özünün keçirdiyi böyük sosial eksperimentdən sonra cavab tapa bilir. 1888-ci ildə Amerikada fəaliyyətə başlayan Distant Təhsil Mərkəzi amerikalı şaxtaçı-immiqrantların karyera həvəsini reallaşdırmaq məqsədi daşıyırdı. Reklamına və onu satanlara milyon dollarlarla pul xərclənən distant təhsil kurslarına 18 il ərzində ICS vasitəsi ilə bir milyon tələbə qeydiyyata alınır. Nəzərə alsaq ki, həmin dövrdə ABŞ-da 75 milyon əhali yaşayırdı, lakin nəticələr ürəkaçan deyildi. Qeydiyyata alınan tələbələrin 83,4 faizi üçüncü kursun məzunu ola bilmir, məzunlar isə cəmi 2,6 faiz təşkil edirdi. ICS-in menecerlərindən biri öz kitabında bu haqda yazırdı: “Tələbələr proqramın çətinliyindən, aşağı motivasiya və praktik vərdişlərin olmamasından şikayətlənirdi”. Beləliklə, 100 il əvvəl aydın idi ki, “distant təhsil yalnız yüksək motivasiyalı və mədəniyyətli insanların ala biləcəyi təhsil metodudur. Əgər motivasiya və yüksək mədəniyyət yoxdursa, pulsuz təhsil almağın da nəticəsi olmayacaqdır”.

Qısa zaman kəsiyində distant təhsil imkanları Avstraliyaya qədər gedib çıxır. 1911-ci ildə Kvidlend Universitetində distant təhsil kursları fəaliyyətə başlayır. 1914-cü ildə məktəblərdən uzaqda yaşayan uşaqlar üçün distant şəkildə ibtidai təhsil kursları verilir. Məktəblilər üçün nəzərdə tutulan bu proqram tezliklə Kanada və Yeni Zelandiyada da tətbiq edilir.

1917- ci il inqilabından sonra Rusiyada da distant təhsil forması yaranmağa başlayır. Sovet İttifaqında distant təhsilin yeni modeli işlənib hazırlanır ki, bu da konsultativ təhsil və ya qiyabi təhsil adlanır. Artıq XX əsrin 60-cı illərində SSRİ-də 11 qiyabi təhsil verən universitet fəaliyyət göstərirdi. İkinci Dünya müharibəsindən sonra bu metod Mərkəzi və Şərqi Avropada da tətbiq olunmağa başlayır.


Radio və televiziya vasitəsilə distant təhsil

   XX əsrin əvvəllərində radionun yaranması ilə distant təhsil də yeni forma və məzmun alır. Tələbələr evdən müəllimin mühazirələrini radio vasitəsilə dinləməyə başlasalar da, sənədləşmə işləri yenə də poçt vasitəsi ilə həyata keçirilir. Radio vasitəsi ilə ilk distant təhsil verən Pensilvaniya Universiteti 1922-ci ildən öz yayımına başlayır. 1934-cü ildən isə Ayova Universiteti dünyada ilk dəfə təhsil kanalı açmaqla öz ətrafına geniş dinləyici toplaya bilir. Qeyd edək ki, həmin radio kanalı indi də fəaliyyətini davam etdirir.

1938-ci ildə Kanadada “Poçt xidməti vasitəsi ilə təhsil” metoduna həsr olunmuş birinci beynəlxalq qurultay (International Council for Correspondence Education) keçirilir.

Qurultay qarşıya qoyulmuş məqsədlərə nail olmaq üçün bir çox dövlətlər qarşısında məsələ qaldırır. Fransa dövləti də təhsilin bu formasına biganə yanaşmır. 1939-cu ildə Fransada distant təhsil mərkəzi (Centre National dTEnseignement a Distance, CNED) yaradılır. Hazırda bu mərkəzin dünyanın 120 ölkəsində filialı fəaliyyət göstərir. 2 mindən yuxarı təhsil kursu, 500 min istifadəçisi, 6 mindən çox professor-müəllim heyətini birləşdirən bu mərkəz Avropanın prestijli təhsil mərkəzlərindən sayılır. Bu mərkəz peyk televiziyası, video və audio kasetlər, elektron poçt və İnternet, eləcə də ənənəvi ədəbiyyatlarla zəngin imkanlara malikdir. 1946-cı ildə Cənubi Afrika Universiteti də distant təhsil həyata keçirən universitetlər sırasına daxil olur.

XX əsrin 60-cı illərinin ortalarında ABŞ-da yaradılan Eksperimental Kolleclər və Universitetlər Birliyi (UECU) təhsilə yeni yanaşmalar və metodlar hazırlayır. Bu birlik tezliklə çoxlu sponsorlar tapmaqla tanınmış universitetləri öz ətrafına toplaya bilir. Nəticədə 1970-ci ildə Divarsız Universitet konsepsiyası (University Without Walls- UWW) hazırlanır ki, orada əks olunan müddəalar bugünkü günümüzdə də öz aktuallığını qoruyub saxlayıb. Beləliklə, UWW konkret bir universitet deyil, peşəkar təhsil proqramları hazırlayan bir mərkəz kimi fəaliyyət göstərir. Lakin eksperimentlərin nəticələri yenə də ürəkaçan olmur. 12 illik fəaliyyəti dövründə UWW-nin distant proqramları nəticəsində cəmi 1000 bakalavr məzun olur. Buna baxmayaraq, yaranan rəqabət nəticəsində digər universitetlər 30 yaşdan yuxarı insanları da tələbə kimi qəbul etməyə başlayır. Rəqabət isə insanların təhsil almaq imkanlarını artırır.


Distant təhsilin inkişafında yeni era

XX əsrin 60-cı illərinin sonlarında Böyük Britaniyada distant təhsilin imkanları dövləti maraqlandırmağa başlayır və bu layihənin reallaşması üçün konkret addımlar atılır. Yeni tədris planları, tədris-metodiki vəsaitlər və texnologiyalar hazırlanır. Açıq Universitet (Open University) layihəsini kraliça təsis etsə də, onun icrasına nəzarət baş nazir Harold Uilsona tapşırılır. Universitetin rektoru cəmiyyət palatasının spikeri təyin edilir.  Açıq Universitet fəaliyyətinin ilk illərində Böyük Britaniya vətəndaşı olan və oxumaq istəyən  hər kəsi tələbə kimi qəbul edir. Hətta bakalavr proqramına orta məktəbi bitirmək haqqında rəsmi sənədi olmayanlar da qəbul edilir. Dövlət universiteti olduğuna görə bura müraciət edənlərin sayı ilbəil artır. Dərslər distant şəkildə təşkil edilir, sənədləşmə işləri isə poçt vasitəsi ilə aparılırdı. Baş nazir Harold Uilson dərslərin televiziya və radio vasitəsi ilə ötürülməsini nəzərə alıb universitetin “Efir universiteti” adlandırılmasını təklif etsə də “Açıq Universitet” adlandırılması onun konturlarını daha geniş çəkməyə imkan verir. Fəaliyyətinin ilk illərində yalnız öz vətəndaşlarını qəbul edən universitet sonrakı illərdə xarici vətəndaşların qəbulunu da həyata keçirməyə başlayır. Açıq Universitet bir çox ölkələrdə təhsili qeyri-ənənəvi yolla həyata keçirən layihələr reallaşdırmağa təkan verir. Tələbə əldə etmək uğrunda aparılan mübarizə universitetlərin də bu sahədə inkişafına səbəb olur. Əbəs deyil ki, Harold Uilson sonralar yazırdı ki, Açıq Universitetin yaradılması “siyasi akt” idi. Hazırda bu universitet distant təhsil həyata keçirən universitetlər arasında liderliyini davam etdirir.  Hər il bu universitetin qəbul planı 200 min tələbəni keçir.

Hazırda Avropada tanınmış distant təhsil mərkəzlərindən sayılan İspaniya Milli Distant Təhsil Universiteti də (UNED) ölkə daxilində 60, ölkə xaricində 9 filialı birləşdirir.

1979-cu ildə Çində ilk dəfə olaraq distant təhsil verən Milli Televiziya və Radio Şəbəkəsi yaradılır.  Bu hadisə distant təhsilin dünyanın bütün qitələrində fərqli dövlətlərin fərqli yanaşması kimi qəbul edilsə də, məqsəd bir idi- açıq təhsil imkanlarını genişləndirmək və bunu əhalinin bütün təbəqələri üçün əlçatan etmək. Beləliklə, XX əsrin ortalarında distant təhsilin imkanları televiziya, radio, poçt vasitəsilə həyata keçirilən audio və video materialları əhatə edir.

1989-cu ildə ABŞ-da ətrafında 1500 kollec və telekompaniyanı birləşdirən ictimai televiziya yaradılır (PBS TV). Bu telekanal tədris proqramlarını birləşdirən təhsil kanalı kimi fəaliyyət göstərir. Belə verilişlər içərisində elmin müxtəlif sahələri, biznes və idarəetmə üzrə maraqları əhatə edən (Adalt Learning Service) proqramlar mühüm yer tutur.

Distant təhsil sahəsində tanınmış universitetlər içərisində Pensilvaniya Univetsitetini də misal göstərmək olar. Bu universitetin təcrübəsi YUNESKO tərəfindən qəbul edilərək digər universitetlərə tövsiyə edilir. Distant təhsil formasının tətbiq edildiyi və bu sahədə böyük təcrübə toplamış ölkələrdən biri də Türkiyə Cümhuriyyətidir. Türkiyənin Anadolu Universitetində 1982-ci ildən məsafəli təhsil sistemi tətbiq olunur. Anadolu Universiteti hazırda 1,5 milyon tələbəyə distant təhsil verən dünyanın 3-cü meqauniversiteti hesab edilir.

XX əsrin sonlarında internetin təhsil sahəsində tətbiqi distant təhsilin inkişafına və yeni üfüqlərin açılmasına rəvac verir. 1997-ci ildə yaradılan Kaliforniya Virtual Universiteti (California Virtual University), daha sonra 1999-cu ildə ABŞ-da fəaliyyətə başlayan ilk dövlət akkreditasiyalı distant təhsil universiteti- Jones Beynəlxalq Universitetinin (Jones İnternational University) saytında 700 onlayn kursun kataloqu yerləşdirilir.

Beləliklə, XX əsrin 80-ci illərində kompüter texnologiyalarının cəmiyyət həyatına daxil olması ilə distant təhsil yeni forma və məzmun əldə etməyə başlayır. Daha sonra İnternetin dünyanın bütün ölkələrini simsiz rabitə ilə birləşdirməsi distant təhsilin imkanlarını genişləndirməklə yanaşı, həm də onu asanlaşdırır. 1989-cu ildə Tim Berners Lee beynəlxalq hörümçək toru adlanan qlobal şəbəkənin (world wide web-www) layihəsini təqdim edir. 1995-ci ildə Amerikanın Penn Dövlət Universitetində Jerrold Maddoxun İnternet üzərindən “İncəsənət haqqında şərh” adlı dərsi ilk dəfə olaraq online yayımlanır. Bu haqda biz daha sonrakı araşdırmalarımızda məlumat verəcəyik. Eyni zamanda informasiya-kommunikasiya imkanlarının yaratdığı şəraitdən bəhrələnən ölkəmizdə distant təhsilin yaranması və inkişaf meyilləri də araşdırmamızın əsas istiqamətini əhatə edəcəkdir.

Qloballaşma prosesləri və iqtisadi rəqabət ölkələr arasında texnoloji və elmi cəhətdən rəqabətə, eyni zamanda kvalifikasiyalı işçi qüvvəsinə tələbatın artmasına gətirib çıxarıb. Unutmayaq ki, təhsil sahəsi dövlət və özəl strukturların  investisiya prioritetləri içərisində əsas yerlərdən birini tutur. Təcrübə göstərir ki, müasir dövrdə təhsil həm siyasi, həm də iqtisadi xarakter almaqla aparıcı dövlətlərin önəm verdiyi sahələrdəndir. Və biz qloballaşan dünyanın bir parçası kimi milli mənəvi  və bəşəri dəyərlərə, zəngin təcrübəyə əsaslanan təhsil strategiyasını millətin və dövlətin gələcəyinə, dünyadakı yerinin müəyyənləşməsinə hesablanmış şəkildə həyata keçirməliyik.

Facebook Comments