Haqqımızda

Haqqımızda

                                                                Anadolu  Universiteti  “Azərbaycan Proqramları”

         Anadolu Dövlət Universitetinin əsasını 1958-ci ildə təsis edilən Eskişehir İqtisadiyyat və Ticarət Elmlər Akademiyası təşkil edirdi. 1982-ci ildən Anadolu Universitetinə çevrilərək qısa zamanda ölkənin və dünyanın böyük universitetləri arasında müasir, dinamik və yenilikçi bir universitet olaraq yerini almışdır. 1982-ci ildən distant təhsil verməyə başlayan universitet bu gün Türkiyə və 30-dan çox ölkədə  distant formada təhsil alan tələbə sayına görə dünyanın meqauniversitetlərindən biridir və bu sahədə zəngin təcrübəyə malik bir ali təhsil ocağı olaraq dünyada ilk sıralarda yer alır. Anadolu Universiteti distant formada təhsil alan Türkiyə və digər ölkələrdəki tələbələrinə öz tədris proqramlarını əsasən internet üzərindən  olmaqla informasiya və kommunikasiya texnologiyaları (İKT) vasitəsilə həyata keçirir.

          Anadolu Universiteti 2009-cu ildən başlayaraq Türkiyə Cumhuriyyətinin Prezidenti yanında Ali Təhsil Şurasının (Yüksek Öğretim Kurulu-YÖK) müvafiq qərarına əsasən Azərbaycanda yaşayan Azərbaycan, Türkiyə və digər ölkə vətəndaşlarının da universitetdə distant formada təhsil almaları üçün imkan yaratmışdır. Universitetdə distant formada təhsil alan tələbələrə daha keyfiyyətli xidmətlər göstərilməsi üçün tərəfdaşlıq prinsipi əsasında 26 avqust 2014-cü il tarixdə imzalanan protokola əsasən Anadolu Universiteti, Azərbaycan Türkiyə İşadamları Birliyi (ATİB) ilə əməkdaşlığa başlamışdır. ATİB və Anadolu Universiteti arasındakı “Anadolu Üniversitesi Azerbaycan Açıköğretim Programları Protokölü”nün müvafiq maddəsinə uyğun olaraq, universitetinin Azərbaycandan distant formada təhsil alan tələbələrinə 2 sentyabr 2014-cü il tarixdən başlayaraq, onlara bu sahədə texniki xidmətlər göstərilməsi üçün ATİB-lə Türkiyənin “Anadolu Vizyonu Kurs Destek ve Turizm Sanayi Anonim” Şirkəti arasında müqavilə bağlanmışdır. Bu müqaviləyə əsasən universitetinin Azərbaycandakı Türkiyə vətəndaşı, Azərbaycan vətəndaşı və digər ölkə vətəndaşı olan tələbələrinə texniki xidmətlər bu şirkət tərəfindən və şirkətin Azərbaycandakı nümayəndəliyi tərəfindən göstərilməkdədir. Distant təhsil sahəsində 30 ildən çox təcrübəsi olan universitet tələbələrin bu yolla təhsil almaları üçün müasir dövrün tələblərinə cavab verən qlobal tədris sistemi qurmuşdur. Anadolu Universitetində distant təhsil alan və fərdi qaydada hazırlaşan tələbələr üçün universitetin rəsmi internet səhifəsində (www.anadolu.edu.tr) tələbə girişi bölümü vardır. O cümlədən, Azərbaycandan distant formada təhsil alanlar üçün bu səhifədə şərti olaraq Azərbaycan Proqramları adı altında ayrıca portal yer almışdır.  Hər bir  tələbə öz tələbə biletinin nömrəsi və ona verilmiş xüsusi şifrə ilə  “e-öyrənmə” portalına daxil olaraq təhsil aldığı tədris proqramı üzrə materialları əldə edir, eyni qaydada dərs kreditlərini, semestr-imtahan nəticələrini izləyə bilir. Anadolu Universiteti distant təhsil alan tələbələri üçün internet üzərindən “e-öyrənmə”, “e-kitab”, “e-seminar” xidmətlərini göstərir. Tədris proqramlarının daha yaxşı qavranılması üçün əlavə test və sual bazası tələbələrin istifadəsinə verilmişdir. Həmçinin Azərbaycandakı tələbələrin bütün ixtisaslara aid həm elektron formatda, həm də kağız formatında kitablardan  istifadə etmək imkanları da vardır.  Eləcə də, həftənin 5 günü olmaqla Eskişehirdən Anadolu Universitetinin professor-müəllim heyəti tərəfindən canlı videokonfrans vasitəsilə interaktiv dərslər keçirilir. Bununla yanaşı Anadolu Universiteti öz “TRT Okul” televiziya kanalı vasitəsilə açıq dərs və elmi-tədris proqramları ilə tələbələrin daha yaxşı təhsil almaları üçün əlavə dəstək xidmətləri verir. Hal-hazırda    Anadolu Universiteti “Azərbaycan Proqramları”nın “www.azanadolu.edu.az” adı altında rəsmi web saytı da fəaliyyət göstərməkdədir. Bu saytdan tələbələr təhsilləri ilə əlaqədar lazımı informasiyanı və video-konfrans dərslərinin videolarını əldə etmək imkanlarına malikdirlər.

      Anadolu  Universiteti 2009-2013-cü illər ərzində “Azərbaycan Proqramları” nda 5 ixtisas üzrə distant təhsil vermişdir. 2013-2014-cü tədris ilindən daha 6 ixtisas əlavə olunaraq ixtisasların sayı 11-ə çatdırılmışdır.  Hazırda Azərbaycandan 2000 nəfərə yaxın tələbə Anadolu Universitetində distant formada təhsil almaqdadır. Bunlar əsasən Azərbaycan və Türkiyə vətəndaşlarıdır. Bu tələbələrin müəyyən bir hissəsi birinci ali təhsil, bir hissəsi ikinci ali təhsil, digərləri isə paralel olaraq təhsil alırlar.

     2009-cu ildən Azərbaycandan distant formada tələbə qəbul edən Anadolu Universiteti  2011-2013-cü illər ərzində Azərbaycanın bir sıra nüfuzlu ali təhsil ocaqları ilə əməkdaşlığa başlamışdır. Anadolu Universiteti ilə Bakı Dövlət Universiteti, Azərbaycan Tibb Universiteti, Dövlət İdarəçilik Akademiyası, Bakı-Slavyan Universiteti, İqtisad Universiteti, Azərbaycan Milli Aviasiya Akademiyası, Azərbaycan Texniki Universiteti, Naxçıvan Dövlət Universiteti, Azərbaycan Diplomatik Akademiyası, eləcə də Azərbaycan Milli Elmlər Akademiyası arasında əməkdaşlığa dair protokollar imzalanıb və gələcəkdə bu əməkdaşlığın daha da inkişaf etdirilməsi nəzərdə tutulur. Eyni zamanda ATİB-lə Azərbaycan Dövlət İqtisad Universiteti arasında əməkdaşlıq  haqqında protokol imzalanmışdır.   Bununla yanaşı, 2013-cü ilin may ayının 7-də Türkiyənin Anadolu Universitetində yaradılan “Heydər Əliyev Məlumat və Araşdırma Mərkəzi”nin və bu Mərkəzdəki Heydər Əliyev büstünün təntənəli açılış mərasimi keçirilib. Ulu öndər Heydər Əliyevin 90 illik yubileyi münasibətilə Anadolu Universitetinin Eskişehirdə təşkil etdiyi silsilə tədbirlərdə Azərbaycan Milli Məclisinin Səhiyyə komitəsinin sədri, millət vəkili, akademik Əhliman Əmiraslanovun rəhbərlik etdiyi nümayəndə heyəti də iştirak edib.

        Türkiyə Cumhuriyyətinin Azərbaycandakı Səfirliyi, ATİB və Türkiyə Cümhuriyyətinin Azərbaycandakı Təhsil Müşavirliyi tərəfindən də Anadolu Universiteti “Azərbaycan Proqramları”na mütəmadi olaraq dəstəklər göstərilir. Türkiyənin Azərbaycandakı Fövqaladə və Səlahiyyətli Səfiri  cənab Alper Coşkun məzunlara “Diplom təqdim etmə” (27 sentyabr 2014, 27 aprel 2016) və yeni qəbul olmuş tələbələrə “Tələbə biletlərinin təqdim edilməsi” mərasimlərində şəxsən iştirak etmiş (15 dekabr 2014) və öz çıxışlarında Anadolu Universiteti Azərbaycan Proqramlarına Türkiyə Dövləti və Türkiyənin Azərbaycandakı səfirliyi tərəfindən daim dəstək göstəriləcəyini bəyan etmişdir. 10 dekabr 2014-cü il tarixdə səfir Alper Coşkun Anadolu Universiteti Azərbaycan Proqramları tələbələrini ziyarət etmiş, onlar üçün yaradılmış şəraiti yüksək dəyərlənmişdir. Bununla yanaşı Azərbaycanda rəsmi səfərdə olan Türkiyə Cumhuriyyətinin bir çox dövlət rəsmiləri də Anadolu Universiteti “Azərbaycan Proqramları”nın tələbələri ilə görüşlər keçirmişlər. Belə ki, 2014-cü il noyabr ayının 28-də Türkiyə Cümhuriyyəti Yükseköğretim Kurulunun (YÖK) başkanı Prof. Dr. M.A. Yekta Saraç və onu müşaiyyət edən nümayəndə heyəti, eyni zamanda  2014-cü il dekabrın 16-da Anadolu Universitetinin rektoru Prof.Dr. Naci Gündoğanın Azərbaycana səfərləri zamanı  Anadolu Universiteti “Azərbaycan Proqramları”nın tələbələri ilə görüşlərini göstərmək olar.  Anadolu Universiteti rəhbərliyinin Azərbaycana ayırdığı diqqət və qayğı yalnız bunlarla məhdudlaşmır. Belə ki, universitet Azərbaycanın aparıcı elm və təhsil ocaqlarının rəhbərlərini, eləcə də Azərbaycanın ictimai və mədəni sahələrdə tanınmış xadimlərini Türkiyənin müxtəlif şəhərlərində keçirdiyi beynəlxalq tədbirlərə dəvət etmişdir. Onların səfərləri universitetin və Türkiyənin müxtəlif kütləvi informasiya vasitələrində geniş işıqlandırılmışdır.

      Qeyd olunanlar haqqında daha ətraflı məlumatı saytımızın XƏBƏRLƏR bölümündən və XƏBƏR arxivindən əldə edə bilərsiniz.

Facebook Comments